MDU-nun əməkdaşları İtaliyanın L’Aquila Universitetində təşkil olunmuş təlimdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Xəzər Universitetinin koordinatorluğu ilə hazırlanmış ve təqdim edilmis Avropa Komissiyasının maliyyələşdirdiyi Ali təhsildə potensialın gücləndirilməsi profilinə (KA2) uyğun  “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) mövzusunda Erasmus+ layihəsi çərçivəsində 2024-cü ilin 12-15 mart tarixlərində İtaliyanın Abruzzo vilayətinin tərkibində olan L’Aquila şəhərində yerləşən L’Aquila Universitetində (UnivAQ) təlim keçirilib.

Təlimdə MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova və  İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev  iştirak edib. Təlim səfərində DIRNA layihəsində təmsil olunan 7 Azərbaycan Ali təhsil müəssisəsindən 16 nəfərdən ibarət nümayəndə heyəti; kitabxana müdirləri, İT mütəxəssisləri, beynəlxalq əməkdaşlıq ofisinin əməkdaşları, inzibati və akademik heyət üzvləri iştirak etmişdir.

Səfərin əsas məqdəsi UnivAQ-da  İnstitusional Tədqiqat İnformasiya Sistemi olan “IRIS” haqqında, proqramın istifadə istiqamətləri və strukturu, eləcə də  universitet araşdırma fəaliyyətində proqramın əhəmiyyəti haqqında məlumatların əldə edilməsidir. “IRIS” sistemi universitetin özü də daxil olmaqla, ayrı-ayrı tədqiqatçılar və universitetin təşkilati bölmələri üçün əlçatanlıq təmin etməklə universitetlərə hesabat öhdəliklərini yerinə yetirməyə kömək edir. Həmçinin bu proqram bütün tədqiqat fəaliyyətləri haqqında ətraflı məlumat əldə etməyə, beynəlxalq səviyyədə əməkdaşlıq etməyə və müəssisənin nailiyyətlərini dünyaya təqdim etməyə imkan verir.

Üç il ərzində, Azərbaycan İnstitusional Repozitoriyalar Şəbəkəsinin Tədqiqat Potensialının İnkişafı Layihəsi (DIRNA) açıq çıxışlı institusional repozitoriyalar (elektron arxiv) şəbəkəsinin yaradılması vasitəsilə Azərbaycan Respublikasının yeddi aparıcı universitetini diqqət mərkəzində saxlayaraq tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın yaradılmasını hədəfləyir. Hər universitetin saytında yuxarıda göstərilən arxivlərin yaradılması və sonra əlaqələndirilməsi, strukturun həyata keçirilməsinin təşkili, məlumatların daxil edilməsi və rəvan nəzarət üçün tələb olunan intensiv və hərtərəfli təlim prosesi DIRNA-nın əsasını təşkil edəcəkdir.

Layihə ilə bağlı fəaliyyətlər nəticəsində əldə edilən təlim nəticələri müxtəlif yollarla, o cümlədən ölkədəki digər ali təhsil müəssisələrinə öz repozitoriyalarının yaradılmasında və idarə olunmasında fəal kömək etmək üçün imkanların və mexanizmlərin işə salınması və sonra yaradılması da daxil olmaqla, paylaşılacaq və yayılacaq. Əhəmiyyətli əlavə odur ki, DIRNA-nın məqsədi yalnız keyfiyyətli elmi tədqiqatların görünməsini və idarə olunmasını təkmilləşdirmək deyil, həm də tədqiqat nəticələrinə açıq girişi dəstəkləmək, ölkə daxilində Azərbaycan universitetləri arasında elmi əlaqə və koordinasiyanı qorumaq və təşviq etmək məqsədi daşıyacaq.

Qeyd edək ki, ümumi dəyəri 633 min avro olan “DIRNA” layihəsinin məqsədi hər kəsə əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır. 36 ay müddətində reallaşdırılacaq layihənin konsorsiumu 7 yerli, 2 Avropa universiteti (İtaliyanın L’Aquila Universitetində Finlandiyanın Jyvaskylan Yliopisto Universiteti), 1 Türkiyə (İzmir Texnologiya İnstitutu) olmaqla 11 tərəfdaşdan ibarətdir.