Mingəçevir Dövlət Universitetində “Kiçik və orta biznesdə uğur qazanmanın yolları” mövzusunda təlim təşkil olunub. Təlim çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf perspektivləri, dayanıqlı biznes modellərinin formalaşdırılması və müasir idarəetmə yanaşmaları ilə bağlı aktual məsələlər müzakirə edilib.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrdə və gənclərdə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, onların biznes mühitinə hazırlanması və dayanıqlı iqtisadi inkişaf prinsiplərinə uyğun bilik və bacarıqların aşılanması olub.
Təlimdə Biznes və menecment kafedrasının müəllimləri Təranə Süleymanova və Cəfər Cəfərli təqdimatla çıxış ediblər. Təranə Süleymanova kiçik və orta biznesdə uğurun əsas prinsipləri, düzgün planlaşdırma, bazar araşdırması və innovativ yanaşmaların tətbiqi barədə ətraflı məlumat verib.
Cəfər Cəfərli isə öz çıxışında sahibkarlıq fəaliyyətində risklərin idarə olunması, maliyyə dayanıqlılığının təmin edilməsi və rəqabət mühitində uğur qazanmaq üçün effektiv strategiyalar haqqında danışıb.
Təlim zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olaraq inklüziv iqtisadi artımın təşviqi, layiqli məşğulluq imkanlarının yaradılması və innovativ sahibkarlığın dəstəklənməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcəkdə bu istiqamətdə təlimlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.