MDU və ümumtəhsil məktəblərin nümayəndələri elmi seminarda bir araya gəliblər

MDU və ümumtəhsil məktəblərin nümayəndələri elmi seminarda bir araya gəliblər

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr olunmuş “Ali təhsil və orta ümumtəhsil müəssisələrinin qarşılıqlı əlaqələri: mövcud problemlər və onların həlli yolları” mövzusunda elmi nəzəri seminar keçirilib.

Seminarı giriş sözsü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Rektor qeyd edib ki, ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir, deyə o vurğulayıb.

Akif Hacıyev qeyd edib ki, qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Rektor Akif Hacıyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulduğunu vurğulayıb.

Sonra seminarda məruzələr dinlənilib. “Pedaqogika və psixologiya” kafedrasının müdiri, p.f.d., dosent Sahib Məmmədov “Ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri arasında varisliyin pedaqoji əsasları”, Mingəçevir şəhər Texniki Humanitar liseyin direktoru Nailə Məmmədova “Pedaqoji idarəetmə mədəniyyəti”, “Xarici dillər” kafedrasının müdiri, p.f.d., dosent Zenfira Əzizova “Rəqabətqabiliyyətli pedaqoji kadr hazırlığının aktual problemləri”, “Humanitar fənlər” kafedrasının dosenti, fil.f.d. Namaz Manafov “Azərbaycan dilinin keyfiyyətli tədrisi dövlət dilindən istifadənin təkmilləşdirilməsində mühüm amil kimi”, “Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Səbinə Quliyeva “Şəxsiyyətəyönəlmiş təhsil sistemində valideyn üçün zəruri olan səriştələr” mövzularında çıxış ediblər.

Sonra açıq diskussiya başlanılıb. Diskussiyada Tərbiyə işləri üzrə prorektor, i.f.d., dosent Rövşən Əliyev, Texniki Humanitar liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Novruzova, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova, lisey direktoru Nailə Məmmədova, “Humanitar fənlər” kafedrasının müdiri, s.f.d., dosent Esmira Cəfərova, 20№-li məktəbin Tarix müəllimi Mənsur Həsənov, Pedaqoji fakültənin dekanı, t.f.d., dosent Nizami Zeynalov, 19№-li məktəbin direktoru Gültəkin Quliyeva, Texniki Humanitar liseyin Riyaziyyat müəllimi Arzu Hüseynova, dosent Sahib Məmmədov, 17№-li məktəbin İbtidai sinif müəllimi Nərminə Əliyeva, MDU-nun məzunu, hazırda 1№-li məktəbin İbtidai sinif müəllimi Zenfira Əliyeva, “Təlim Tərbiyə Prosesinin Təşkilinə Nəzarət” sektorunun koordinatoru Raifə Mürşüdova, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi, məktəb psixoloqu Tərlan Əliyeva yaxından iştirak ediblər, fikir mübadiləsi aparıb, təkliflərlə çıxış ediblər.

Müzakrə zamanı universitetlə ümumtəhsil məktəblərin elm, təhsil, tərbiyə istiqamətində əlaqələrin gücləndirilməsi, “Sabahın alimləri” proqramının genişləndirilməsi, şagirdlərin nitq qabiliyyətinin inkişaf etdirilməsi, tədris-metodik ədəbiyyat və dərsləklərdə müəyyən qüsurların olması, ali və ümumtəhsil məktəblərin müəllimləri ilə birgə görüşünün təşkili, universitet səviyyəsində dilin tətbiqi ilə bağlı təşviqatın aparılması, təcrübə ilə bağlı problemlər, məzunlara valideynlərin etibarı məsələsi və digər problem və fikirlər səsləndirilib.

{phocagallery view=category|categoryid=94|limitstart=0|limitcount=0}